Ucarda rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları təmiz hava aylığı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə reyd keçirib.Reyd zamanı atmosferi çirkləndirən avtomobil sürücüləri cərimələndi.
Hər il ənənəvi olaraq keçirilən tədbirdə avtomobillərin sazlığı, havaya buraxılan zəhərli qazların miqdarı ölçülüb. Texniki cəhətdən nasaz olan avtomobillərin sürücülərinə aradan qaldırması gərəkən nöqsanlar izah edilib, cərimələr tətbiq olunub. İdarə etdiyi nəqliyyat vasitəsində heç bir nöqsan aşkar edilməyən sürücülər isə hərəkətlərinə davam ediblər.Səhər saatlarından başlayan reyd günorta saatlarına qədər davam edib.
Reyd zamanı 50 - yə yaxın sürücü ilə profilaktik söhbətlər aparılıb. Yol Patrul Xidməti əməkdaşları sürücüləri diqqətli olmağa, hərəkətə başlamazdan öncə nəqliyyat vasitələrinin sazlığından əmin olmağa çağırıblar.
Qeyd edək ki,tədbirin keçrilməsində əsas məqsəd ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi sahəsində nəzarətin gücləndirilməsindən ibarətdir.
Aqil Əsədov
Denmedia.az

