Türkiyəyə məxsus balıqçı gəmisi Qara dənizdə, Krım yarımadası sahilləri yaxınlığında hücuma məruz qalıb. Hadisə nəticəsində gəmi zədələnərək batıb, bir balıqçı həlak olub, daha dörd nəfər yaralanıb.
Bu barədə Haberler Türkiyə Sahil Mühafizəsi Komandanlığına istinadən məlumat yayıb.
Komandanlığın məlumatına görə, cümə günü Krımın qərbində, Sevastopol yaxınlığında Qara dənizdə “DURU 67” adlı gəmiyə hücum edilməsi barədə məlumat daxil olub. Hadisə nəticəsində gəmi batıb.
Yaxınlıqda olan “BURAK KAYA” balıqçı gəmisi beş yaralı balıqçını təxliyə edərək İnebolu istiqamətində hərəkət edib. Yolda ağır vəziyyətdə olan yaralılardan biri dünyasını dəyişib.
Daha sonra həlak olan şəxsin meyiti və yaralılar sahil mühafizəsinə təhvil verilib. Yaralılara zəruri tibbi yardım göstərilib.

