Türkiyənin Qara dəniz sahilində mənşəyi məlum olmayan pilotsuz uçuş aparatı aşkarlanıb. Bu barədə “Sözcü” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, zədələnmiş dron Bartın vilayətinin Amasra rayonunda yerləşən Çakraz çimərliyində tapılıb.
İlkin ehtimala əsasən, aparat dəniz dalğaları ilə sahilə çıxıb. Dronu ərazidə olan şəxslər görüblər və bundan sonra məlumat təcili xidmətlərə çatdırılıb.
Hadisə yerinə jandarma əməkdaşları, eləcə də partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssislər cəlb olunub.
Əraziyə baxış keçirildikdən sonra pilotsuz uçuş aparatı nəzarətə götürülüb. Mütəxəssislər dronun mənşəyini və sahilə necə çıxmasını müəyyən etmək üçün araşdırmaya başlayıblar.

