Bu gecə Münhendə iki yük qatarı dəmir yolu körpüsündə toqquşub. Toqquşmadan sonra iki vaqon təxminən 5 metr hündürlükdən Ştalhaymerştrasse küçəsinə düşüb. Bu barədə “Die Zeit” məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə yerli vaxtla təxminən saat 01:40-da Münhenin Milbertshofen rayonunda baş verib.
Polisin bildirdiyinə görə, küçəyə düşən vaqonlar boş olub. Hadisə nəticəsində bir nəfər həyatını itirib.
Hazırda mütəxəssislər vaqonların hadisə yerindən çıxarılması ilə məşğuldurlar. Eyni zamanda toqquşmanın səbəbləri araşdırılır və dəymiş ziyanın həcmi qiymətləndirilir.
Qeyd olunur ki, qəza regional və şəhərlərarası qatarların hərəkətinə təsir etməyib. Çünki hadisə yalnız yük qatarlarının istifadə etdiyi xəttdə baş verib.

