ABŞ-ın Kaliforniya ştatında Müstəqillik Günü qeyd etmələrindən sonra saxlanılanların sayı 400 nəfəri keçib.
Bu barədə Los Angeles Times hüquq-mühafizə orqanlarının məlumatlarına istinadən yazıb.
Daha əvvəl ABC telekanalı bayram tədbirləri zamanı azı 100 nəfərin saxlanıldığını bildirmişdi. Lakin son məlumatlara görə, saxlanılanların sayı 400-dən çoxdur.
Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, saxlanılanların böyük hissəsi gənclərdir. Onların çoxunun yetkinlik yaşına çatmadığı bildirilir.
Kaliforniya çimərliklərindən birində keçirilən bayram şənliyi bir neçə davaya və yaxınlıqdakı mağazanın talanmasına səbəb olub.
Vəziyyət şənbə axşamı sahildə böyük izdihamın toplaşmasından sonra gərginləşib. Toplaşanlar milli bayram münasibətilə atəşfəşanlıq təşkil etmək istəyiblər.
Polisin əraziyə gəlməsi vəziyyəti sakitləşdirməyib, əksinə, gərginliyi artırıb. İzdiham iştirakçıları ilə polis arasında toqquşmalar başlayıb. Qarşıdurma zamanı polis əməkdaşlarına yandırılmış fişənglər atılıb.
Aqressiv davranan kütləni dağıtmaq üçün polis atlı dəstələri cəlb etməli olub.
İğtişaşlar bir neçə saat davam edib. Daha sonra hüquq-mühafizə orqanları vəziyyəti nəzarətə götürə biliblər.

