Hindistanda 12 yaşlı oğlanın parçalanmış meyit qalıqları çaydan çıxarılıb.
Bu barədə The Times of India məlumat yayıb.
Məlumata görə, uşaq tarladakı işdən sonra əl-ayağını yumaq üçün çayın kənarında dayanıb. Bu zaman ona timsah hücum edib.
Uşağın qışqırığını eşidən yaxınlıqdakı fermerlər hadisə yerinə qaçıblar. Onlar yırtıcıya daş və kərpic atmağa çalışsalar da, timsah buna məhəl qoymayıb. Timsah uşağı ayağından tutaraq suyun altına çəkib.
Hadisə oğlanın əmisinin gözü qarşısında baş verib.
Uşağın meyit qalıqları təxminən beş saat sonra tapılıb. Məlumata görə, timsah uşağın bədəninin bir hissəsini parçalayıb. Onun sağ ayağı və bədəninin aşağı hissəsi ciddi zədələnib.
12 yaşlı oğlanın bir qardaşı və iki bacısı qalıb.

