Quba Rayon Prokurorluğu tərcüməçi Ziya Muradovun dağ yürüşü zamanı ölümü ilə bağlı araşdırma aparır.
Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, hazırda hadisənin bütün hallarının, o cümlədən Muradovun ölümünün dəqiq səbəbi və başvermə şəraitinin müəyyənləşdirilməsi üçün zəruri prosessual tədbirlər həyata keçirilir.
“Toplanmış materialların öyrənilməsinin nəticələrinə əsasən hadisəyə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət veriləcək”, – qurumdan bildirilib.
Hadisə avqustun 2-də Quba rayonunun Xanəgah kəndində baş verib. Ziya Muradov 17 nəfərlik turist qrupunun iştirak etdiyi dağ yürüşü zamanı vəfat edib.
Daha əvvəl onun ölümünün ilkin səbəbinin infarkt olduğu bildirilmişdi.

