Nepalda 1,2 mindən çox insanın ölümünə səbəb olan təbii fəlakətlə bağlı xəbərdarlığın uçqun baş verdikdən yalnız 38 dəqiqə sonra verildiyi məlum olub.
“The Kathmandu Post”un mənbələrə istinadən yaydığı məlumata görə, xəbərdarlıq edilənədək daş, palçıq və digər süxur kütləsi çay yatağı boyunca 70 kilometrdən çox məsafə qət etmiş, yaşayış məntəqələrini dağıtmış və geniş əraziləri su altında qoymuşdu.
Mütəxəssislərin sözlərinə görə, ölkədə vahid erkən xəbərdarlıq sisteminin olmaması səbəbindən fəlakəti real vaxt rejimində əvvəlcədən proqnozlaşdırmaq imkanları son dərəcə məhdud olub.
Nepalın Təbii Fəlakət Risklərinin Azaldılması və Fəsadlarının Aradan Qaldırılması üzrə Milli İdarəsinin (NDRRMA) keçmiş rəhbəri Anil Poxrel bildirib ki, ayrı-ayrı sensorların mövcudluğu tam işlək xəbərdarlıq sistemi demək deyil. Belə sistem risklərin qiymətləndirilməsini, müşahidə vasitələri şəbəkəsini, rabitə planını və fövqəladə vəziyyətlərə hazırlığı özündə birləşdirməlidir.
Faciədən sonra Katmandu hakimiyyəti Çinlə sərhəd bölgəsində təbii fəlakətlər barədə erkən xəbərdarlıq sistemini modernləşdirmək qərarına gəlib. Reuters-in məlumatına görə, sistem seysmik sensorlar, kameralar və peyk rabitəsi ilə təchiz ediləcək.
Yeni infrastrukturun əsas elementlərindən biri VSAT terminalı olacaq. Bu sistem mobil rabitə şəbəkələri sıradan çıxdıqda belə monitorinq məntəqələri arasında əlaqəni təmin edəcək.
NDRRMA rəhbəri Dharma Rac Upreti bildirib ki, dağıdılmış obyektlərin əvəzinə yeni müşahidə stansiyaları tikilir və çay axınını real vaxtda izləməyə imkan verəcək kameralar quraşdırılır. Toplanan məlumatlar əsasında təhlükə yarandıqda əhaliyə operativ şəkildə SMS xəbərdarlıqları göndəriləcək.

