Nepalın Çinlə sərhəddə yerləşən Rasuva rayonunda baş verən güclü sel nəticəsində ölənlərin sayı 157-yə çatıb. Yüzlərlə insan hələ də itkin hesab olunur. Son məlumatlara görə, təbii fəlakət buzlaq və qaya kütləsinin çökməsinin çaya böyük həcmdə material tökməsindən sonra yaranıb.
Axtarış-xilasetmə əməliyyatları davam edir. İtkin düşənlər arasında yüzlərlə turist və xarici ölkə vətəndaşı da var. Son məlumatlarda Nepalda 400-dən çox insanın taleyinin naməlum olduğu bildirilir.
Fəlakət yaşayış məntəqələrinə, avtomobil yollarına, körpülərə və digər infrastruktura ciddi ziyan vurub. Dağlıq relyef və dağılan yollar xilasedicilərin bəzi ərazilərə çatmasını çətinləşdirir.
Zərər çəkmiş ərazilərdə genişmiqyaslı axtarış-xilasetmə işləri aparılır. Ölənlərin sayının daha da arta biləcəyindən ehtiyat edilir.

