Hindistanda 25 il ərzində özünü polis və müxtəlif istintaq qurumlarının əməkdaşı kimi təqdim edərək insanları aldadan 64 yaşlı kişi saxlanılıb.
“The Hindu”nun məlumatına görə, saxlanılan şəxs Sem Piterdir. O, müxtəlif dövrlərdə Şyam Piter, Denni Tarakan, Antoni, Rahul Piter və başqa adlardan istifadə edib.
İstintaqın məlumatına əsasən, Piter özünü Milli Cinayət Araşdırmaları Bürosunun (NCIB) əməkdaşı kimi təqdim edib. O və şəbəkəsinin digər üzvləri əsasən maliyyə mübahisələri, bank fırıldaqları və vergidən yayınma məsələləri ilə üzləşən şəxsləri hədəfə alaraq onlardan pul tələb ediblər.
Sem Piter ilk dəfə 2019-cu ildə Manqaluruda saxlanılıb. Daha sonra girov müqabilində azadlığa çıxan şübhəli məhkəmə proseslərinə qatılmayaraq yoxa çıxıb. Polis onun təxminən üç il gizləndiyini bildirir. Avqustun 31-də isə o, Kerala ştatının Kannur şəhərində yenidən saxlanılıb.
Araşdırmaya görə, Sem Piter Hindistanın müxtəlif ştatlarında 17 dələduzluq və pul tələb etmə işi üzrə istintaqa cəlb olunub. Onun uzun illər ərzində müxtəlif ad və kimliklərdən istifadə edərək yerini dəyişdiyi bildirilir.
Məlumata görə, 2001-ci ildə onun istifadə etdiyi adlardan biri ilə bağlı İnterpolun “qırmızı bülleten”i də çıxarılıb. Hazırda saxlanılan şəxs əlavə istintaq tədbirlərinin aparılması üçün Manqaluru Şərq Polis İdarəsinə təhvil verilib.
Denmedia.az

