Erasmus proqramı çərçivəsində Portuqaliyada olan 23 yaşlı Melek Öztürk dostları ilə getdiyi Cávado çayında boğularaq həyatını itirib. Gənc tələbənin nəşinin rəsmi prosedurlar başa çatdıqdan sonra Türkiyəyə gətirilərək doğulduğu Aydının Köşk rayonunda dəfn ediləcəyi bildirilir.
İHA-nın məlumatına görə, hadisə Portuqaliyanın Barcelos şəhərinin Barcelinhos ərazisində, Cávado çayında baş verib. Dostları ilə çay sahilinə gedən Melek Öztürk Santo António das Vessadas bəndinin yaxınlığında suya daxil olduqdan bir müddət sonra gözdən itib.
Dostlarının məlumat verməsindən sonra əraziyə dalğıclar və xilasedicilər cəlb olunub. Portuqaliya mediasının məlumatına görə, axtarışlara Barcelos və Barcelinhos yanğınsöndürmə-xilasetmə dəstələri də qatılıb. Təxminən bir saat davam edən axtarışlardan sonra tələbənin cansız bədəni tapılıb.
Aydının Köşk rayonunun Cumadere məhəlləsindən olan Melek Öztürkün nəşinin Portuqaliyadakı rəsmi prosedurlar tamamlandıqdan sonra Türkiyəyə gətiriləcəyi və Köşkdə torpağa tapşırılacağı bildirilir.

