Xəbər verdiyimiz kimi , Abşeronda piyadanı avtomobil vuraraq öldürüb.
Hadisə Bakı-Quba yolunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə zamanı Sumqayıt istiqamətində hərəkətdə olan, sərnişin daşımada istifadə edilən “Ford” markalı, 50-DN-545 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçən 36 yaşlı Yasəmən Dadaşovanı vurub. Qəza nəticəsində qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Mərhumun həyat yoldaşı Elman Kətanovun sözlərinə görə, onlar hadisənin baş verdiyi ərazinin yaxınlığında yaşayırlar. Onun bildirdiyinə görə, yolu birlikdə keçməyə çalışıblar, lakin Yasəmən Dadaşova ondan öndə qaçaraq yolu keçmək istəyib. Bu zaman avtomobilin vurması nəticəsində faciə baş verib.
Avtomobilin sürücüsü Elşad Anquliyev isə hadisə ilə bağlı bildirib ki, qadın həyat yoldaşı ilə yolda mübahisə edib və daha sonra qəfil qaçaraq avtomobilin qarşısına çıxıb. Sürücü qəzanın baş verməsində özünün də qismən günahkar olduğunu qeyd edib.
Hadisə yerində Dövət Yol Polisi Şöbəsinin əməkdaşları və Təcili Tibbi Yardım cəlb olunub. Mərhumun meyiti ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Nizami Rəsulov
Denmedia.az

