ABŞ-ın Los-Anceles şəhərində orta məktəb şagirdi dördüncü mərtəbədən yıxılaraq həyatını itirib.
Denmedia.az xarici mediyaya istinadən xəbər verir ki, hadisə şəhərin Highland Park ərazisində yerləşən Benjamin Franklin Liseyində qeydə alınıb.
Məlumata görə, məktəbdə dördüncü dərsin başa çatdığı vaxt şagirdlərdən biri binanın dördüncü mərtəbəsindəki məhəccərdən yıxılıb. Ağır xəsarətlər alan məktəbli xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən əvvəl sinif otağında iki şagird arasında dava baş verdiyini əks etdirən görüntülər ortaya çıxıb. Kadrlarda müəllimin şagirdləri ayırmağa çalışdığı görünür.
Görüntülərin davamında şagirdlərdən birinin sinifdən çıxdığı, digərinin isə dəhlizdə onun arxasınca getdiyi əks olunub. Qısa müddət sonra şagirdlərdən birinin dördüncü mərtəbədən yıxıldığı anlar kameraya düşüb.
Los-Anceles Polis Departamenti (LAPD) şagirdin ölümü ilə bağlı araşdırmaya başlayıb.

