Şimali Uelsdə yanmış furqonun içərisində 38 yaşlı hamilə qadının meyiti aşkarlanıb.
Hadisə oktyabrın 4-də axşam saatlarında Prestatin şəhərində baş verib. Küçələrdən birində furqonun yanması barədə məlumat alan fövqəladə xidmət əməkdaşları əraziyə cəlb olunublar.
Yanğın söndürüldükdən sonra avtomobilin salonunda qadının meyiti tapılıb. Araşdırma zamanı müəyyən edilib ki, yanğın başlayan vaxt qadın huşsuz vəziyyətdə olub və ya avtomobildən çıxa bilməyib, lakin həmin anda hələ nəfəs alırmış.
Ekspertizaya əsasən, qadının ölümünə yanıq və aldığı digər xəsarətlər səbəb olub.
Qətl işi üzrə mərhumun tanışı Tomas Bell təqsirləndirilir. O, furqonun yandırılmasında iştirak etməsi ilə bağlı ittihamı rədd edir.
Polis iş çərçivəsində daha bir 47 yaşlı kişini də saxlayıb. O, avtomobilin yandırılması məqsədilə əlbir olmaqda, həmçinin satış məqsədilə narkotik vasitə saxlamaqda şübhəli bilinir.
Noyabrın sonunda keçiriləcək məhkəmə iclasında Tomas Bell ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilib-bilmədiyini rəsmən açıqlayacaq.
İş üzrə əsas məhkəmə prosesinin isə 2027-ci ilin yazında keçirilməsi planlaşdırılır.

