Yaponiyanın Okinava prefekturasında 39 yaşlı qadının qətli və qarət edilməsində şübhəli bilinən 20 yaşlı ABŞ dəniz piyadası saxlanılıb.
Yaponiyanın ictimai televiziyasının məlumatına görə, şübhəli şəxs Okinavada yerləşən ABŞ Dəniz Piyadaları Korpusunun Futenma aviabazasında xidmət edir.
Hadisə Okinavanın Vakasa rayonundakı otellərdən birində baş verib. Oktyabrın 3-də səhər saatlarında otel otağında 39 yaşlı yerli sakinin meyiti aşkarlanıb.
Polisin məlumatına görə, qadının bəzi şəxsi əşyalarının yoxa çıxdığı müəyyən edilib.
Təhlükəsizlik kameralarının görüntüləri qadının otelə tək gəlmədiyini göstərib. Onu müşayiət edən və kişi olduğu ehtimal edilən şəxs daha sonra oteldən tək ayrılıb.
Hüquq-mühafizə orqanları həmin şəxsin hadisədə mümkün iştirakını araşdırıblar.
Qeyd edək ki, Yaponiyadakı ABŞ hərbi obyektlərinin ümumi ərazisinin 70 faizindən çoxu Okinavada yerləşir. Burada ABŞ-ın ölkə xaricindəki ən böyük hərbi hava bazalarından biri olan Kadena da fəaliyyət göstərir.
Okinavada ABŞ hərbçilərinin törətdiyi cinayətlər, o cümlədən cinsi xarakterli hüquq pozuntuları əvvəllər də yerli əhalinin ciddi narazılığına səbəb olub.

