Zimbabvedə özünü peyğəmbər elan edən 48 yaşlı Petros Aaron 14 yaşlı qıza təcavüz etməkdə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edildi.
Bu barədə Herald Online nəşri məlumat yayıb.
Hadisə iyulun 11-də Sanvey-Sitidə yerləşən Çitsuva ibadət məkanında baş verib. Aaron və zərərçəkmiş qız “Johanne Masowe yeNyeredzi Nomwe” dini icmasının üzvləri olublar.
Məlumata görə, həmin gün 14 yaşlı qız qohumu ilə birlikdə ibadətə qatılıb. Axşam saat 20:00 radələrində digər şəxslər dua etməyə davam edərkən qız kiçik çadıra keçib.
İstintaq materiallarına əsasən, Aaron onun ardınca çadıra daxil olub, fiziki zor tətbiq edərək hədələyib və cinsi təcavüzə məruz qoyub. Daha sonra baş verənləri heç kimə danışmamasını tələb edib.
Zərərçəkmiş bir müddət sonra hadisəni anasına danışıb və tibbi müayinədən keçirilib.
Məhkəmə zamanı Aaron ittihamları rədd edərək qızı şəxsən tanımadığını, dini icmanın rəhbəri deyil, sadəcə üzvü olduğunu bildirib.
O, həmçinin hadisə gecəsi ibadət məkanında 40-dan çox insanın bir-birinə yaxın qurulmuş çadırlarda yatdığını və duaların adətən bütün gecə davam etdiyini əsas gətirərək ittihamların əsassız olduğunu iddia edib.
Lakin məhkəmə təqdim olunan sübutları araşdırdıqdan sonra Petros Aaronu təqsirli bilib və 20 il həbs cəzasına məhkum edib.
Qeyd edək ki, “Johanne Masowe yeNyeredzi Nomwe” Zimbabvedə fəaliyyət göstərən iri apostol dini icmalarından biridir. İcmanın üzvləri əsasən açıq havada, təpəlik ərazilərdə və su hövzələrinin yaxınlığında ibadət edir, gecə duaları və su ilə vəftiz mərasimləri keçirirlər.

