İstanbulun Sarıyer rayonunda yağan güclü leysan yağışları bir sıra ərazilərin su altında qalmasına səbəb oldu.
Türkiyə mediasının məlumatına görə, Ayazağa məhəlləsində yağan intensiv yağışdan sonra Kəmərburqaz küçəsini tamamilə su basdı. Nəticədə ərazidə yerləşən şirkətlərdə gecə növbəsində çalışan təxminən 200 nəfər iş yerlərində köməksiz vəziyyətdə qaldı.
Suyun səviyyəsinin yüksəlməsi ilə əlaqədar edilən yardım çağırışından sonra hadisə yerinə çoxsaylı xilasetmə qrupları cəlb olundu.
Əraziyə AFAD, AKUT, sualtı axtarış-xilasetmə, yanğınsöndürmə, Sahil Mühafizəsi və bələdiyyə əməkdaşları göndərildi.
Əvvəlcə küçədə toplanan suyun çəkilməsi üçün tədbirlər görüldü. Lakin bu cəhdlər nəticə vermədiyindən xilasetmə qrupları başqa üsula əl atdılar.
Əməkdaşlar yük maşınları və mikroavtobuslar kimi hündür nəqliyyat vasitələrindən istifadə edərək su altında qalan ərazilərə daxil oldular.
Xilasetmə əməliyyatı boyunca iş yerlərində qalan şəxslərlə əlaqə saxlanıldı və onların təhlükəsizliyinə nəzarət edildi.
Görülən tədbirlər nəticəsində təxminən 200 nəfər təhlükəsiz ərazilərə təxliyə olundu.
Güclü yağış səbəbindən nəqliyyatın hərəkətinə bağlanan Kəmərburqaz küçəsində suyun çəkilməsi və təmizlik işləri davam edir. Ərazidə hərəkətin bərpası üçün müvafiq qurumların əməkdaşları iş aparırlar.











