Çinin cənub-qərbində yerləşən Çuntsin şəhərinə tabe Penşuy rayonunda səhər saatlarında baş verən güclü torpaq sürüşməsi genişmiqyaslı dağıntılara səbəb olub.
Hadisə yerli vaxtla saat 09:08 radələrində Utszyan çayı yaxınlığındakı dağ yamacında baş verib. Dağdan qopan nəhəng qaya və torpaq kütləsi yaşayış ərazisinə doğru sürüşüb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə dağın bir hissəsinin saniyələr ərzində çökməsi, çoxsaylı binaların torpaq altında qalması və ərazinin qalın toz buludu ilə örtülməsi əks olunub.
Çin dövlət mediasının məlumatına görə, torpaq sürüşməsi nəticəsində 10-dan çox yaşayış binası uçqun altında qalıb. Bəzi çoxmərtəbəli binalar isə ağır zədələnsə də, tamamilə çökməyib.
Dağıntılar altında qalan şəxslərin dəqiq sayı hələlik məlum deyil. Axtarış-xilasetmə qrupları ərazidə fəaliyyətini davam etdirir.

Rəsmi məlumata görə, indiyədək ən azı 10 nəfər dağıntılar altından sağ çıxarılıb. Xilas edilən şəxslərin həyati təhlükəsinin olmadığı bildirilib.
Yeni torpaq sürüşməsi ehtimalına görə, ərazidə yaşayan 1100-dən çox insan təhlükəsiz zonalara təxliyə edilib.
Çinin Fövqəladə Halların İdarə Edilməsi Nazirliyi hadisədən sonra ölkə üzrə ikinci səviyyəli geoloji fəlakət fövqəladə rejimini işə salıb.
Bölgəyə 800-dən çox xilasedici, çoxsaylı ağır texnika və xüsusi avadanlıq göndərilib. Axtarış işləri yeni sürüşmə riski altında davam etdirilir.

Təhlükəsizlik məqsədilə hadisə yerinin təxminən bir kilometr radiusunda elektrik enerjisi, su və təbii qazın verilişi dayandırılıb.
Bundan əlavə, bölgəyə çadırlar, qatlanan çarpayılar və təcili yardım dəstləri də daxil olmaqla 8 mindən çox yardım vasitəsi göndərilib.

