Polşada məktəblərdə baş verən zorakılıq hadisələri ilə əlaqədar ötən həftə keçirilən polis əməliyyatları zamanı ümumilikdə 192 nəfər həbs edilib.
Polşa mediasının məlumatına görə, bu barədə ölkənin hüquq-mühafizə orqanları açıqlama yayıb.
“Ötən cümə axşamı 19 yaşlı gəncin bıçaqlı hücumundan sonra başladılan əməliyyat çərçivəsində polis ölkə üzrə müəssisələrdə 187 mindən çox yoxlama aparıb və 192 nəfəri həbs edib”, – deyə məlumatda bildirilib.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə əməliyyata Kibercinayətkarlıqla Mübarizə üzrə Mərkəzi Büronun 350 əməkdaşı da cəlb olunub.
Tədbirlər Ostrolenka, Vışkuv yaxınlığındakı Leşçidol-Novini və Varşavada yeniyetmələrin törətdiyi bıçaqlı hücumlarla, eləcə də Serptsdə ehtimal olunan hücum və uşaqlar tərəfindən törədilən və ya planlaşdırılan digər soyuq silahlı insidentlərlə əlaqədardır.
Polşanın daxili işlər və administrasiya naziri Marçin Kervinski hadisələrlə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, 106 fakt üzrə cinayət işi başlanıb, 155 təhlükəli əşya isə müsadirə edilib.
“Biz cəmiyyətdə haqlı narahatlıq və Polşa məktəblərinin ətrafında baş verənlərlə bağlı qorxu yaradan üç son dərəcə sarsıdıcı hadisənin şahidi olduq. Təhlükəsizliyin təmin edilməsi və polisin görünən iştirakının davam etdirilməsi üçün polis qüvvələri bundan sonra da səfərbər olunacaq”, – deyə nazir vurğulayıb.

