Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar qadının huşsuz vəziyyətdə olan 70 yaşlı pasiyentə qarşı fiziki zorakılıq göstərməsi ilə bağlı qalmaqal yaşanıb.
Denmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, sanitarın köməksiz vəziyyətdə olan xəstəni 40 dəqiqə ərzində döydüyü, həmçinin nalayiq ifadələrlə təhqir etdiyi bildirilir.
Xəstəxanadan verilən məlumata görə, aparılan araşdırma zamanı II Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində çalışan sanitarın pasiyentə qarşı qeyri-etik davranışa və zorakılığa yol verdiyi müəyyən edilib.
Faktla bağlı müəssisənin Tibbi Şurasında iclas keçirilib.
Əməkdaşın vəzifə öhdəliklərini və peşə etikası qaydalarını kobud şəkildə pozması, eləcə də əvvəllər intizam tənbehləri alması nəzərə alınaraq, oktyabrın 7-də onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

