Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında Problemlər səngimir. Liftlərin işləməməsi və ödənişli sanitar qovuşağın olması sakinlərin qəzəbinə səbəb olub.
"Den.az"ın Şimal bürosuna daxil olan məlumat və sosial şəbəkədə geniş yayılan şikayətlərə əsasən, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında insanı dəhşətə gətirən vəziyyət yaşanmaqdadır.
Sosial şəbəkələrdə bir vətəndaş yazır:
“Yaxınım ağır insult keçirib. Reanimasiya şöbəsinə çatdırmaq lazım idi. Dedilər lift işləmir. Xəstəni xərəkdə, pilləkənlərlə 3-cü mərtəbəyə qaldırdıq. Bu necə mümkündür?”
Məlum olur ki, artıq 2 ildir bu xəstəxanada lift işləmir. Təsəvvür edin – bu müddət ərzində neçə ağır xəstə, neçə əlil, neçə yaşlı insan bu zülmü yaşayıb?
Sual yaranır: Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi nə işlə məşğuldur? Niyə problem illərdir həllini tapmır?
Daha nə qədər vətəndaş, xəstə əziyyət çəkməlidir ki, problem həllini tapsın? Səhiyyəyə ayrılan milyonlarla vəsait hara gedir? Cənab Prezident hər çıxışında bölgələrdə səhiyyə infrastrukturunun gücləndirilməsini tapşırır. Bəs bu xəstəxanada baş verənlərə nə ad vermək olar? Bu səssizlik cinayətdir.
Xaçmazın baş həkimi bu barədə cavab verməlidir. Ümumiyyətlə, bu baş həkimin xəstəxanadan xəbəri varmı? Səhiyyə Nazirliyi bu xəstəxanada baş verənlərə niyə reaksiya vermir?
"Den.az" olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Nüşabə Baxşıyeva
Den.az