Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya son günlər qüvvədə olan qismən “sükutu” dayandıraraq ötən gecə Ukrayna ərazisinə kütləvi zərbə endirib.
Ukrayna liderinin sözlərinə görə, ölkə ərazisinə 200-dən çox zərbə tipli pilotsuz uçuş aparatı buraxılıb. Bundan başqa, Rusiya qüvvələri cəbhə xəttində yenidən aviasiyadan istifadə edib — 30-dan çox aviazərbə və 80-dən artıq aviabombanın tətbiqi qeydə alınıb.
Zelenski bildirib ki, Ukraynanın hava hücumundan müdafiə qüvvələri Dnepropetrovsk, Jitomir, Nikolayev, Sumı, Xarkov və Çerniqov vilayətlərində, həmçinin Kiyev şəhəri və Kiyev vilayətində fəaliyyət göstərib.
Ukrayna Prezidentinin sözlərinə görə, hücumlar nəticəsində enerji infrastrukturu obyektləri, çoxmənzilli yaşayış binaları və uşaq bağçası zədələnib. Onun bildirdiyinə görə, dəmir yolunda mülki lokomotivə də zərbə endirilib. Ölən və yaralananların olduğu bildirilir.
Zelenski vurğulayıb:
Biz Rusiyanın bütün addımlarına cavab olaraq güzgü prinsipi ilə hərəkət edəcəyimizi demişdik.
O, həmçinin bildirib ki, Moskva “real və uzunmüddətli atəşkəsə” doğru addım atmalıdır. Onun fikrincə, bu baş verənədək Rusiyaya qarşı sanksiya təzyiqi saxlanılmalı və daha da gücləndirilməlidir.

