Rusiya hərbçiləri Qvineya-Bisau bayrağı altında üzən Golden Leo adlı mülki quru yük gəmisinə raket zərbəsi endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Açıqlamaya görə, Qvineya-Bisau bayrağı altında üzən və taxıl daşıyan gəmiyə üç X-59/X-69 qanadlı raketi atılıb. Raketlərdən birinin gəminin sağ bortundakı üst tikili hissəsinə düşməsindən sonra yanğın başlayıb.
Hücum nəticəsində 5 nəfər həyatını itirib, daha 5 nəfər itkin düşüb. Ekipajın səkkiz üzvü təxliyə olunaraq Odessa xəstəxanalarından birinə yerləşdirilib.
Ukrayna Hərbi Dəniz Qüvvələri hadisəni xarici ölkə bayrağı altında üzən, silahsız mülki gəmiyə qarşı məqsədli hücum adlandırıb.
“Bu, heç bir hərbi təhlükə yaratmayan silahsız mülki gəmiyə növbəti məqsədli hücumdur. Hücum dinc gəmiçiliyə qarşı terror aktı və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır”, – açıqlamada bildirilib.

