Azov dənizinin Taqanroq körfəzində iyunun 5-nə keçən gecə pilotsuz uçuş aparatları iki yük gəmisinə hücum edib.
Hücum nəticəsində 5 nəfər həlak olub.
Məlumata görə, PUA-ların hədəfi Türkiyədən Rostov-na-Donuya taxıl yükləmək üçün ballast vəziyyətdə hərəkət edən “Natra” və “Sirkon” teploxodları olub.
Taman Dəniz Xilasetmə-Koordinasiya Mərkəzinin məlumatına əsasən, hadisə barədə informasiya Moskva vaxtı ilə saat 03:04-də, Bakı vaxtı ilə isə 04:04-də daxil olub.
Operativ məlumata görə, “Natra” teploxoduna 4 PUA zərbəsi endirilib. Nəticədə ekipajın 2 üzvü həlak olub. Gəmidə baş verən yanğın ekipajın qüvvəsi ilə söndürülüb. Gəmi hazırda su üzərində qalır və yedəyə alınmağa ehtiyac duyur.
“Sirkon” teploxodunda da üst tikili hissəsinə 4 zərbə qeydə alınıb. Hücum nəticəsində 3 dənizçi həlak olub. Ekipaj xilasetmə qayıqları ilə gəmini tərk edib, bundan sonra gəmidə yanğın davam edib.
Bildirilir ki, Beliz bayrağı altında üzən “Natra” gəmisində 12 nəfər, Palau bayrağı altında üzən “Sirkon” gəmisində isə 14 nəfər olub.
Mövcud məlumata görə, onların hamısı Azərbaycan vətəndaşı olub və xüsusi qaydada muzdlu dənizçi kimi işə götürülüblər. Hər iki gəmi xarici bayraq altında üzürdü və Azərbaycan dövləti ilə əlaqəli deyil.
Hücumlar bir saatdan bir qədər çox intervalla baş verib. “Natra” Bakı vaxtı ilə saat 01:45-də, “Sirkon” isə saat 02:55-də vurulub.
Sağ qalan dənizçiləri yaxınlıqdan keçən 3 gəmi xilas edib və səhər saatlarında Yeysk limanına çatdırıb.
Su üzərində qalan və zədələnmiş “Natra” gəmisinin yedəyə alınması üçün əraziyə 2 yedək gəmisi göndərilib.

