Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hərbçiləri “Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi çərçivəsində birgə aviasiya əməliyyatlarını məşq etdilər.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Təlim çərçivəsində hərbi qulluqçular üçün brifinq keçirildi, qarşıya qoyulan tapşırıqlar və uçuşların yerinə yetirilməsi qaydaları dəqiqləşdirildi, iştirakçıların birgə fəaliyyəti əlaqələndirildi.
Ardınca təyyarə və helikopterlərin uçuşları həyata keçirildi. Uçuşlar zamanı aviasiya vasitələrinin tətbiqi və əməliyyat tapşırıqlarının icrası məşq edildi.
Təlimə Azərbaycan və BƏƏ-nin hərbi qulluqçuları, aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb olunub.
Təlimin əsas məqsədi şəxsi heyətin peşəkarlığının artırılması, qarşılıqlı təcrübə mübadiləsi və birgə fəaliyyət bacarıqlarının təkmilləşdirilməsidir.
“Şahinlərin Görüşü-2026” təlimi oktyabrın 20-dək davam edəcək.

