Azərbaycan, Türkiyə və Özbəkistanın hərbi mütəxəssisləri “Birliyin Gücü – 2026” birgə hərbi təlimi çərçivəsində kiberhücumların qarşısının alınması və hərbi informasiya sistemlərinin qorunması üzrə birgə əməliyyatlar həyata keçiriblər.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Qızılqaya” Təlim Mərkəzində keçirilən təlim zamanı üç ölkənin hərbi qulluqçuları vahid komanda tərkibində kiberəməliyyat qrupu kimi fəaliyyət göstəriblər.
Təlim planına uyğun olaraq, kiberəməliyyat qrupu qanunsuz silahlı birləşmələr tərəfindən həyata keçirilən kiberhücumların qarşısının alınması, həmçinin hərbi bölmələrin informasiya-kommunikasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə tapşırıqları yerinə yetirib.
Hərbi mütəxəssislər eyni zamanda bölmələrin taktiki fəaliyyətlərinin dəstəklənməsi məqsədilə kibertəhlükəsizliyin təmin olunması üzrə bacarıqlarını nümayiş etdiriblər.

