Yəmənin şimalına nəzarət edən “Ənsar Allah” hərəkatının husi qüvvələri ölkənin cənubundakı Ədən beynəlxalq hava limanı yaxınlığında yerləşən hərbi düşərgəyə ballistik raket atıblar.
Bu barədə RİA Novosti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Bölgədə gərginlik iyulun ortalarında hökumətyönlü qüvvələrin husilərin nümayəndə heyətini daşıyan təyyarənin enişi zamanı Səna hava limanına hücumundan sonra artıb. Husilər hadisədə Səudiyyə Ərəbistanını günahlandıraraq ona müharibə elan ediblər.
Oktyabrın 15-də husilər Ədəndə baş nazir və hökumət üzvlərinin olduğu “Əl-Maaşik” prezident sarayına da hücum ediblər. Ən azı altı partlayışın baş verdiyi hücumda 5 nəfər həlak olub, 16 nəfər yaralanıb.
Husilər hücumun Səudiyyə Ərəbistanı zabitlərinin hərbi qərargahını və silah anbarlarını hədəf aldığını bildiriblər.
Hərəkatın hərbi nümayəndəsi Yəhya Səriə isə Səudiyyə qüvvələrinə harada olmalarından asılı olmayaraq hücum edəcəklərini açıqlayıb.

