Yəməndəki husilər Səudiyyə Ərəbistanına yeni hücumlar həyata keçirdiklərini iddia etdilər.
Husilərin hərbi sözçüsü Yəhya Səri bildirib ki, son 48 saat ərzində Səudiyyə Ərəbistanının altı müxtəlif bölgəsi ballistik və qanadlı raketlər, eləcə də pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alınıb.
Onun sözlərinə görə, hücumların hədəfləri arasında Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı, Əbha Beynəlxalq Hava Limanı və Şeybə neft yatağı da olub.
Yəhya Səri X sosial şəbəkəsindəki hesabında bildirib ki, hücumlar zamanı həmçinin Yənbu şəhəri, Hərbi Dəniz Qüvvələrinin düşərgəsi və Bi'ri hərbi bölgəsində yerləşən radar sistemi hədəfə alınıb.
Hücumlar nəticəsində mümkün dağıntılar və insan tələfatı barədə məlumat verilməyib.
Husilərin sözçüsü həmçinin Səudiyyə Ərəbistanının son 48 saat ərzində Yəmənin paytaxtı Səna da daxil olmaqla, husilərin nəzarətindəki şəhərlərin yaşayış məntəqələrinə 200-dən çox hava zərbəsi endirdiyini iddia edib.
Onun sözlərinə görə, Yəmənə qarşı hərbi əməliyyatların başlanmasından bəri Səudiyyə Ərəbistanı ümumilikdə 2700 hücum həyata keçirib.
Səudiyyə Ərəbistanı rəsmiləri husilərin hücumlarla bağlı iddialarına hələlik münasibət bildirməyiblər.

