Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının qüvvələri husilərin paytaxt Ər-Riyada doğru atdığı ballistik raketi vuraraq məhv edib.
Bu barədə koalisiyanın rəsmi nümayəndəsi Turki əl-Maliki məlumat verib.
“Hava hücumundan müdafiə qüvvələri husilərin Ər-Riyad istiqamətində buraxdığı ballistik raketi ələ keçirərək məhv etdi”, – deyə o, “X” sosial şəbəkəsində yazıb.
Hadisədən sonra Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi fövqəladə hallar üzrə milli erkən xəbərdarlıq sistemini işə salaraq paytaxt sakinlərini mümkün təhlükə barədə məlumatlandırıb.
Daha sonra qurum həyəcan siqnalının ləğv olunduğunu açıqlayıb.
“Ər-Riyad şəhəri üçün təhlükə sovuşdu”, – deyə məlumatda bildirilib.
AFP agentliyi isə hava hücumu xəbərdarlığı fonunda Ər-Riyadda iki partlayış səsinin eşidildiyini xəbər verib.

