Səudiyyə Ərəbistanı Yəməndəki İranın dəstəklədiyi husilərin Məkkə və Mədinə istiqamətində ballistik raket hücumu həyata keçirdiyini bildirib.
Ölkənin Mülki Müdafiə Baş İdarəsinin məlumatına görə, iki ballistik raket havada vurularaq zərərsizləşdirilib. Raket qəlpələri Məkkədə Vadi Muğamməs, Ciddədə Nuzhə məhəlləsi, Taifdə Cəlil vadisi və Rabiq bölgəsindəki Məstura kəndinə düşüb.
Husilərin hərbi sözçüsü Yəhya Səri isə Səudiyyə Ərəbistanının bu açıqlamasını təkzib edib.

O iddia edib ki, son 24 saat ərzində Səudiyyə Ərəbistanı Yəmənin paytaxtı Səna və digər yaşayış məntəqələrinə 100 hava zərbəsi endirib. Sərinin sözlərinə görə, hücumlar nəticəsində onlarla insan ölüb və yaralanıb.
Husilərin nümayəndəsi cavab olaraq Səudiyyə Ərəbistanının müxtəlif obyektlərinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə yeddi hücum həyata keçirdiklərini bildirib.
Sərinin iddiasına əsasən, hücumların hədəfləri arasında Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı, Yanbudakı “Saudi Aramco” obyekti, Rabiq neft emalı zavodu, neft nəqli infrastrukturu, Dammamdakı Kral Fəhd və Nəcran hava limanları, həmçinin Xamis Muşaytdakı hərbi hava bazası olub.
O, Dammamdakı hava limanında uçuşların dayandığını və hücumların hədəflərə çatdığını da iddia edib.
Yəhya Səri Səudiyyə Ərəbistanının Yəmənə hücumları və ölkəyə tətbiq etdiyi blokada sona çatmayana qədər zərbələri davam etdirəcəklərini bildirib.

