Rusiyanın Yujno-Saxalinsk şəhərində keçirilən ölkə çempionatında 50 km-lik kütləvi start yarışı zamanı gözlənilməz hadisə baş verib. Yarışın gedişində trasa qəfil çıxan köpək səbəbindən iki xizəkçi yıxılıb.
Hadisə liderlər qrupunda baş verib. Heyvanla toqquşma nəticəsində Alina Kudisova və Arina Kusurquaşeva yerə yıxılıb. Kusurquaşeva yarışı davam etdirə bilib və finiş xəttini yeddinci yerdə keçib. Onun qalibdən geri qalması 4 dəqiqə yarımdan çox olub.
Digər xizəkçi Alina Kudisova isə aldığı zədə səbəbindən yarışı davam etdirə bilməyib və ağrılar içində trası tərk edib.
Yarışın qalibi Yevgeniya Krupitskaya olub. O, məsafəni 2 saat 27 dəqiqə 28,9 saniyəyə qət edib. İkinci yeri Yelizaveta Pantrina (+2:20,1), üçüncü yeri isə Yekaterina Bulıçova (+2:27,0) tutub.


