Beynəlxalq Futbol Federasiyası (FIFA) İsrail Futbol Assosiasiyasına qarşı sanksiya tətbiq edib.
Bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, FIFA-nın İntizam Komitəsi İsrail tərəfinin təşkilatın intizam kodeksinin 13-cü (təhqiramiz davranış və fair-play prinsiplərinin pozulması) və 15-ci (diskriminasiya və irqçi ifadələr) maddələrini pozduğunu müəyyən edib.
Nəticədə İsrail Futbol Assosiasiyası 150 min İsveçrə frankı məbləğində cərimələnib.
Bununla yanaşı, quruma rəsmi xəbərdarlıq da edilib.
IFA növbəti üç ev oyununda “Futbol dünyanı birləşdirir — diskriminasiyaya yox” şüarı ilə plakatlar yerləşdirməlidir.
Qərara əsasən, cərimənin üçdə biri diskriminasiya ilə mübarizə proqramlarının həyata keçirilməsinə yönəldiləcək.
Bu tədbirlər qərarın qüvvəyə mindiyi tarixdən etibarən 60 gün ərzində icra olunmalıdır.

