Beynəlxalq Futbol Federasiyasının keçmiş prezidenti Yozef Blatter təşkilatda “diktatura”nın hökm sürdüyünü bildirib.
Onun sözlərini Bild nəşri yayıb.
Blatter hazırkı prezident Canni İnfantinonu sərt tənqid edib:
“İnfantino "günəş kralı" kimi idarə edir. FIFA-dakı insanlardan eşitmişəm ki, o, qərargahda görünəndə heç kimin onu salamlamasını istəmir. Heç kimə onunla liftdə getməyə icazə verilmir. O, tamamilə təcrid olunub.”
Keçmiş rəhbər FIFA-nın indiki idarəetmə modelini də hədəf alıb:
“Bu, diktaturadır! Hər şey yalnız prezident İnfantinodan ibarətdir. Təxminən 40 üzvü olan FIFA Şurası heç nə həll etmir.”
Blatter 1998–2015-ci illərdə FIFA-ya rəhbərlik edib. Onun son fəaliyyəti korrupsiya qalmaqalı ilə yadda qalıb və nəticədə o, 8 il müddətinə futboldan uzaqlaşdırılıb. 2016-cı ildə onun yerinə İnfantino seçilib və o, bu günə qədər quruma rəhbərlik edir.
Qeyd edək ki, bu ilin fevralında İnfantino Rusiya yığmalarının və klublarının beynəlxalq turnirlərdən kənarlaşdırılmasına qarşı çıxıb və qərara yenidən baxılmalı olduğunu bildirib.
“Bu qadağa məyusluq və nifrətdən başqa heç nə gətirmədi.”

