Madridin “Real” klubunun azarkeşləri hücumçu Kilian Mbappenin satılması tələbi ilə başladılan onlayn petisiyada 9,1 milyondan çox imza toplayıblar.
Bu barədə mbappeout.replit.app saytında yerləşdirilən məlumatda bildirilir.
Aksiya “Mbappe Out” adlandırılıb.
Azarkeşlərin narazılığına səbəb olan məsələlərdən biri futbolçunun aktrisa Ester Eksposito ilə birlikdə Sardiniya adasına səfər etməsi olub. Bu hadisə klubun Çempionlar Liqasından kənarlaşdığı və İspaniya çempionatında “Barselona” ilə çempionluq uğrunda mübarizə apardığı dövrə təsadüf edib.
2026-cı ilin aprel ayının sonunda futbolçuda sol budun yarıvətər əzələsinin zədəsi aşkarlanıb. Bu səbəbdən onun mövsümün qalan hissəsini buraxa biləcəyi bildirilir.
Hazırkı mövsümdə 27 yaşlı hücumçu İspaniya çempionatında vurduğu 24 qolla bombardirlər siyahısına başçılıq edir.
Kilian Mbappe bütün turnirlərdə “Real”ın heyətində keçirdiyi 41 oyunda 41 qol vurub və 6 məhsuldar ötürmə edib.
Fransalı futbolçu 2024-cü ilin yayından Madrid klubunda çıxış edir. Onun müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
“Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 200 milyon avro təşkil edir.

