Hücumçu Kriştianu Ronaldu 2026-cı il dünya çempionatı başa çatdıqdan sonra Portuqaliya millisində karyerasını bitirəcək. Bu barədə futbolçunun bacısı Katya Aveyru Xorvatiya ilə oyun ərəfəsində danışıb. Onun sözlərini Sport TV-yə istinadən Marca nəşri yayıb.
“Bildiyimə görə, vida barədə danışmaq olar. Bu gün yox, amma düşünürəm ki, bu, həqiqətən də onun son turniridir. Mən milli komandanı nəzərdə tuturam. Etibarlı mənbədən aldığım məlumata görə, bu dünya çempionatı onun ‘son rəqsi’ olacaq”, — deyə o bildirib.
Hazırda 41 yaşı olan Ronaldu Portuqaliya və Xorvatiya yığmaları arasında keçiriləcək 1/16 final matçının start heyətinə daxil edilib. Görüş iyulun 3-də, Moskva vaxtı ilə saat 02:00-da başlayacaq.
Forvard bununla dünya çempionatlarının pley-off mərhələsində 41 yaşında meydana çıxan ilk futbolçu olacaq.
Qeyd edək ki, Kriştianu Ronaldu 5 qat “Qızıl top” sahibi, Çempionlar Liqasının qalibi və 2016-cı il Avropa çempionudur.
Portuqaliya – Xorvatiya qarşılaşmasının qalibi dünya çempionatının 1/8 finalında İspaniya millisi ilə üz-üzə gələcək. İspaniya 1/16 finalda Avstriyanı 3:0 hesabı ilə məğlub edib.

