Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun dünya çempionatı matçlarında meydanda 30 dəqiqədən çox oynamaması daha məqsədəuyğun olar. Bu fikri portuqaliyalının “Mançester Yunayted”dəki keçmiş komanda yoldaşı Rio Ferdinand talkSPORT-a müsahibəsində bildirib.
Ferdinandın sözlərinə görə, Portuqaliya millisinin baş məşqçisi Roberto Martines 41 yaşlı hücumçudan əsas heyət oyunçusu kimi yox, “joker” kimi istifadə etməlidir.
“O, oyunun sonuna 30 dəqiqə qalmış meydana çıxmalıdır. Rəqib yorulanda, futbolçuların ayaqları ağırlaşanda, oyunçuların əzələlərində yorğunluq artanda”, - deyə Ferdinand bildirib.
Dünya çempionatının qrup mərhələsinin ilk turunda Portuqaliya DR Konqo ilə 1:1 hesablı heç-heçə edib. Görüşdə hesabı 6-cı dəqiqədə portuqaliyalı Joau Neveş açıb. Birinci hissənin sonunda isə DR Konqo millisinin futbolçusu Yoan Vissa dəqiq zərbə ilə tarazlığı bərpa edib.
Ronaldu həmin qarşılaşmada start heyətində meydana çıxıb. O, 41 yaş 132 günlüyündə mundial matçına çıxaraq dünya çempionatları tarixində meydan oyunçuları arasında yaş rekorduna imza atıb. Bundan başqa, Ronaldo altıncı dünya çempionatında iştirak etməklə Lionel Messinin göstəricisini də təkrarlayıb.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-də başlayıb və turnir iyulun 19-da başa çatacaq. Oyunlar ABŞ, Meksika və Kanadada keçirilir. Hazırkı dünya çempionu isə 2022-ci ilin finalında Fransanı məğlub edən Argentina millisidir.

