Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi (ITIA) US Open 2026 öncəsi dünya tennisinin tanınmış simalarının qatıldığı gecə ilə bağlı araşdırmaya başlayıb.
Tennis jurnalisti Ben Rotenberqin sosial şəbəkədə yaydığı məlumata görə, tədbir Manhettendə yerləşən “Crane Club”da keçirilib. Gecədə Serena Uilyams, Koko Qauff, Arina Sobolenko, Mirra Andreyeva, Anna Kalinskaya və digər məşhur tennisçilər iştirak ediblər.
Tədbirin təşkilatçısı iş adamı Deyv Qrutman olub. O, sosial şəbəkədə paylaşım edərək yeni oyunçular üçün belə gecələr təşkil etməyin ən sevdiyi işlərdən biri olduğunu bildirib.
Rotenberqin sözlərinə görə, tədbir bukmeker şirkəti DraftKings-in dəstəyi ilə keçirilib. Diqqət çəkən məqam isə bəzi tennisçilərin şirkətin loqosunun yer aldığı bannerlərin qarşısında foto çəkdirməsi olub.
ITIA nümayəndəsi qurumun hadisədən xəbərdar olduğunu və hazırda məsələni araşdırdığını təsdiqləyib.
Məlumata əsasən, tennisçilərə tədbirdə iştiraklarına görə hər hansı ödəniş edilməyib. Bununla belə, onların bukmeker şirkətinin dəstəklədiyi gecədə iştirakı və şirkətin simvolları fonunda görüntülənməsi tennisdə korrupsiyaya qarşı qaydaların potensial pozuntusu kimi qiymətləndirilə bilər.
Mövcud qaydalara əsasən, müvafiq reqlamentin şamil olunduğu şəxslərin birbaşa və ya dolayı şəkildə tennis mərc oyunlarını təşviq etməsi və ya bukmeker operatorlarına dəstək verməsi qadağandır.
Araşdırmanın yekununa əsasən, oyunçulara gələcəkdə bu cür tədbirlərdə daha ehtiyatlı davranmaları ilə bağlı xəbərdarlıq edilə bilər.
Denmedia.az

