Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid ailə üzvləri üçün Yeni il və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə geniş və duyğulu bayram tədbiri təşkil olunub.
Denmedia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rəsmi hissədə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək tədbir iştirakçılarını bayramlar münasibətilə təbrik edib. O, şəhid ailələrinə göstərilən dövlət qayğısının daim diqqət mərkəzində olduğunu vurğulayaraq bildirib ki, şəhidlərimizin ailələri cəmiyyətin ən hörmətli təbəqəsidir və onların sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. İcra başçısı çıxışında həmçinin milli birliyin və həmrəyliyin əhəmiyyətindən danışıb.
Daha sonra Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. O, şəhid ailələrinin bu cür tədbirlərdə bir araya gəlməsinin mənəvi baxımdan böyük əhəmiyyət daşıdığını qeyd edib.
Ardınca şəhid Sahib Musayevin qızı Sahibə Musayeva çıxış edərək atasının xatirəsindən, şəhid ailələrinə göstərilən dəstəyin onlar üçün nə qədər dəyərli olmasından danışıb. Çıxışlar tədbir iştirakçıları tərəfindən böyük diqqət və ehtiramla qarşılanıb.
Tədbirin bədii hissəsi də xüsusi maraqla izlənilib. Ölkəmizin tanınmış xalq artistləri və estrada ulduzları bir-birindən gözəl musiqi nömrələri ilə səhnə alaraq bayram ab-havası yaradıblar.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tədbir çərçivəsində bütün şəhid ailə üzvləri ilə yaxından görüşüb, onlarla xatirə şəkilləri çəkdirib, problemləri və qayğıları ilə maraqlanıb.
Tədbirin sonunda şəhid övladları üçün əyləncəli proqram və şənlik təşkil olunub. Uşaqlar üçün hazırlanan bayram proqramı onların sevincinə səbəb olub və tədbir xoş ovqatla yekunlaşıb.
Keçirilən bu tədbir bir daha göstərdi ki, şəhid ailələrinə diqqət və qayğı Abşeron rayonunda daim prioritet məsələlərdən biridir və bu istiqamətdə tədbirlər bundan sonra da davam etdiriləcək.
Nizami Rəsulov
Denmedia.az

