Braziliya və dünya futbolunun əfsanəvi sol cinah müdafiəçisi Roberto Karlos futbolçu karyerası ərzində qazandığı vəsaitin 99 faizini itirdiyini açıqlayıb. 53 yaşlı keçmiş futbolçu bu barədə Portuqaliyada keçirilən Portugal Football Summit tədbirində danışıb.
Roberto Karlos bildirib ki, futbol oynadığı illərdə karyerasından sonrakı həyatını planlaşdırmağa çalışsa da, yanlış insanlara etibar etməsi ona baha başa gəlib.
“Bank hesabımı sıfıra endirən insanlarla problemlərim oldu. Menecerlər və ailə məsələləri üzündən futbolda qazandığım hər şeyin 99 faizini itirdim. Səhvlər etdim və buna görə də gənclərə eyni səhvləri etməməyi deyirəm”, — deyə o bildirib.
Keçmiş futbolçu həyatında hər şeyin dəyişdiyi anı da xatırladıb. Onun sözlərinə görə, keçmiş meneceri ilə ciddi problem yaşayıb və eyni zamanda ailəsi ilə bağlı çox ağır vəziyyətlə üzləşib.
“Cümə axşamı gecə yatdım, cümə günü isə mövcudluğundan belə xəbərim olmayan bir yığın sənəd aldım. Məhz həmin anda bütün keçmişimi itirdim”, — Roberto Karlos deyib.
O qeyd edib ki, sonradan biznes tərəfdaşı Pol Brayten və Entourage Sport & Entertainment-in dəstəyi ilə maliyyə və ailə həyatını yenidən qaydaya sala bilib. Hazırda “Real Madrid”in səfiri olan Roberto Karlos başına gələnləri gənc futbolçular üçün dərs kimi danışdığını vurğulayıb.

