ABŞ-ın «İnter Mayami» klubunun və Argentina millisinin ulduz futbolçusu Lionel Messi İspaniyanın ikinci liqasında (Sequnda) çıxış edən «Eldense» klubunu satın alıb.
Bu barədə «Eldense» futbol klubunun rəsmi saytında məlumat yayımlanıb.
Klubun açıqlamasında bildirilib ki, Messinin klubu satın alması 100 ildən artıq tarixə malik komandanın inkişafında yeni mərhələnin başlanğıcıdır.
«Dünyanın ən tanınmış futbol simalarından biri olan Lionel Messinin klubun sahibi kimi İspaniya peşəkar futboluna qoşulması uzunmüddətli layihənin başlanğıcıdır», – deyə açıqlamada qeyd olunub.
Bildirilib ki, yeni layihənin əsas məqsədi «Eldense»nin idman, idarəetmə və sosial sahələrdə inkişafını sürətləndirmək, eləcə də klubun İspaniya futbolundakı mövqeyini gücləndirməkdir.
1921-ci ildə yaradılan «Eldense» yeni rəhbərlik dövründə peşəkar futbolda mövqeyini möhkəmləndirməyi və inkişafını davam etdirməyi hədəfləyir. Bununla yanaşı, klubun tarixi, ənənələri və göy-qırmızı rəngləri qorunub saxlanılacaq.
Qeyd olunub ki, alqı-satqı əməliyyatının tam rəsmiləşməsi üçün İspaniyanın Ali İdman Şurasının (CSD) müvafiq razılığı tələb olunur.
Hazırda «Eldense» İspaniya Sequndasında keçirdiyi 7 oyundan 5 xal toplayaraq turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, Messi bu ilin aprelində İspaniyanın aşağı liqalarında çıxış edən «Kornelya» (UE Cornellà) klubunu da satın alıb.

