“Formula 1” 1993-cü ildən sonra ilk dəfə Afrika qitəsinə qayıdacaq. Ruanda Qran-prisinin 2030-cu illərin əvvəlində yarış təqviminə daxil edilməsi planlaşdırılır.
“Formula 1” rəhbərliyi Ruanda ilə 10 illik müqavilə imzalandığını açıqlayıb.
Yarışlar paytaxt Kiqalidən təxminən 40 kilometr aralıda yerləşən Bugesera bölgəsində xüsusi olaraq inşa ediləcək yeni trasda keçiriləcək. Trasın FIA-nın ən yüksək – “Grade 1” standartlarına uyğun hazırlanması nəzərdə tutulur.
Yeni trasın layihələndirilməsində keçmiş “Formula 1” pilotu Aleks Vurts və “Tilke Engineers” şirkəti iştirak edir. Layihədə Ruandanın dağlıq relyefindən istifadə edilərək yüksəliş və enişlərlə zəngin, sürətli və fərqli bir yarış trasının yaradılması planlaşdırılır.
Afrikada son “Formula 1” yarışı 1993-cü ildə Cənubi Afrikanın Kyalami trasında keçirilmişdi. Həmin Qran-prinin qalibi fransalı pilot Alen Prost olmuşdu.
Ruanda son illərdə beynəlxalq idman layihələri vasitəsilə ölkənin turizm imkanlarını tanıtmağa çalışır. Yeni “Formula 1” layihəsi də bu strategiyanın ən böyük addımlarından biri hesab olunur.

