Madrid “Real”ının hücumçusu Kilian Mbappe və onun agenti olan anası Fayza Lamari Fransada korrupsiya işi üzrə aparılan araşdırma çərçivəsində dindirildilər.
L’Équipe nəşrinin məlumatına görə, araşdırma Fransa millisinin təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Məhəmməd Sanhaci ilə bağlıdır.
İstintaqın məlumatlarına əsasən, Sanhacinin Mbappenin anasına dörd giriş vizasının rəsmiləşdirilməsində kömək etdiyi ehtimal olunur. Bu məsələ ilə əlaqədar oktyabrın 9-da dindirilən Lamariyə xüsusi statuslu şahid statusu verildi.
Müstəntiqlər Mbappenin 2023-cü ildə Sanhaciyə köçürdüyü 60 300 avro məbləğində vəsaiti də araşdırırlar. Hüquq-mühafizə orqanları həmin ödənişin xarakterini və Sanhacinin futbolçu üçün şəxsi xidmət göstərib-göstərmədiyini müəyyənləşdirməyə çalışırlar.
Fransada genişmiqyaslı korrupsiya araşdırmasının əsas fiqurantlarından biri olan Sanhaci barəsində korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ittihamlar irəli sürülüb.
İş çərçivəsində Fransa millisinin sabiq futbolçusu Frank Riberi də daxil olmaqla, futbol dünyasının bir sıra tanınmış simalarından ifadə alınıb.
Qeyd edək ki, Mbappe və anasının təqsirli olduqlarına dair hər hansı məhkəmə qərarı yoxdur.

