Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatında Şərqi Timor yığmasını 6:0 hesabı ilə məğlub edən yeniyetmə futbolçularımızı təbrik edib.
Dövlət başçısı birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino ilə birlikdə qarşılaşmanı izləyib. Oyundan sonra Prezident Azərbaycan millisinin futbolçuları ilə görüşüb.
“Bir daha sizi təbrik edirəm. Çox gözəl oyun nümayiş etdirdiniz. Vurulan bütün qollar möhtəşəm idi, biri digərindən gözəl. Görünür ki, kombinasiyalar böyük ustalıqla və peşəkarlıqla qurulub. Buna görə də hamımızı sevindirdiniz”, – deyə İlham Əliyev bildirib.
Prezident bu miqyasda turnirin keçirilməsinin Azərbaycan üçün böyük hadisə olduğunu vurğulayıb. O, milli komandamızın açılış oyunundakı qələbəsinin tarixdə qalacağını qeyd edib.
“Siz bütün xalqımızı sevindirdiniz. Sizə yeni uğurlar arzulayıram. Sağ olun”, – deyə dövlət başçısı əlavə edib.



