Ticarət zamanı bitkoinin qiyməti 65 min dollar səviyyəsindən aşağı düşüb. Bu barədə kriptovalyuta birjası Binance-in məlumatları xəbər verir.
Məlumata görə, Bakı vaxtı ilə saat 06:30-a olan göstəricilərə əsasən, bitkoinin qiyməti 64,59 min dollar təşkil edib.
Qeyd olunur ki, bundan əvvəl kriptovalyuta 2024-cü ilin noyabr ayının əvvəlindən bəri ilk dəfə olaraq 69 min dollar həddindən aşağı enmişdi.
CoinMarketCap portalının məlumatına əsasən, 20-dən çox birjanın göstəricilərini toplayan platformada bitkoinin orta qiyməti sutka ərzində 7,84 faiz azalaraq 68,597 min dollar səviyyəsinə düşüb. Qiymət dinamikası son 24 saat üzrə hesablanıb.
Bitkoin blokçeyn texnologiyası əsasında fəaliyyət göstərən mərkəzləşdirilməmiş rəqəmsal valyutadır. Onun əsas xüsusiyyətlərindən biri məhdud emissiyaya malik olmasıdır və mövcud bitkoinlərin böyük hissəsi artıq dövriyyəyə buraxılıb. Bitkoin konsepsiyası ilk dəfə 2008-ci ildə Satoşi Nakamoto təxəllüsü altında çıxış edən şəxs və ya şəxslər qrupu tərəfindən təqdim edilib.

