ABŞ Prezidenti Donald Tramp bütün ölkələrdən idxala 10 faiz rüsum tətbiqini nəzərdə tutan fərmanı imzaladığını açıqlayıb.
O, Truth Social sosial şəbəkəsində yazıb ki, sənəd Oval kabinetdə imzalanıb və qərar demək olar ki, dərhal qüvvəyə minəcək.
Bundan əvvəl Ali Məhkəmə Ağ Evin tətbiq etdiyi bir sıra rüsumları qanunsuz hesab etmişdi. Tramp isə bildirmişdi ki, bu qərardan sonra alternativ hüquqi mexanizmlərdən istifadə edəcək.
ABŞ lideri izah edib ki, bunun üçün 1974-cü il Ticarət Qanununun müvafiq müddəasına əsaslanır. Həmin müddəaya görə, prezident bu cür rüsumları maksimum 150 gün müddətinə tətbiq edə bilər. Daha sonra tədbirlərin davam etməsi üçün Konqresin razılığı tələb olunur.
The New York Times yazır ki, bu məsələ üzrə Konqreslə koordinasiya mürəkkəb proses ola bilər. Noyabrda keçiriləcək ara seçkilər ərəfəsində bir çox konqresmen seçicilər arasında populyar olmayan rüsumları dəstəkləmək istəməyə bilər.

