Finlandiyada artıq çəkidən əziyyət çəkən vətəndaşların sayının artması ölkənin dövlət büdcəsinə böyük iqtisadi zərər vurur. Bu barədə Helsingin Sanomat nəşri məlumat yayıb.
Professor Pertti Mustacokinin ekspert qiymətləndirmələrinə görə, əhalinin artıq çəkisi səbəbindən ölkənin illik ümumi xərcləri artıq 7 milyard avronu keçib.
Əsas yük milli səhiyyə sisteminin üzərinə düşür. Sistem qaraciyər distrofiyası, II tip diabet, yuxu pozuntuları, insult və onkoloji xəstəliklər kimi yanaşı diaqnozların müalicəsinə böyük vəsait ayırmaq məcburiyyətində qalır. Büdcə xərclərinin artmasına əlavə səbəblərdən biri də arıqlamaq üçün yeni, yüksək effektiv, lakin olduqca bahalı dərman preparatlarının geniş tətbiqidir.
Təkcə birbaşa tibbi xərclər deyil, artıq çəki və piylənmə bütün milli iqtisadiyyat üçün ciddi dolayı itkilərə də səbəb olur. Sağlamlıq problemləri səbəbindən işçilərin əmək məhsuldarlığı azalır, müəssisələr isə tez-tez xəstəlik məzuniyyətləri və erkən pensiyaya çıxma halları üzündən zərər görür.

