ABŞ hər il ölümcül qar fırtınaları ilə üzləşir və bu hadisələr ölkə iqtisadiyyatına milyardlarla dollar ziyan vurur. Bu barədə RIA Novosti məlumat yayıb.
Qeyd olunur ki, ABŞ sərt qışlar da daxil olmaqla, təbii fəlakətlərdən ən çox iqtisadi zərər görən ölkələr arasında dünya üzrə ilk sırada qərarlaşıb. Agentliyin məlumatına görə, son qar fırtınası ABŞ iqtisadiyyatına 115 milyard dollara qədər ziyan vura bilər.
Bildirilib ki, qış soyuqları Nyu-York şəhərinə hər il 1–2 milyard dollar həcmində zərər yetirir. 2020–2024-cü illər ərzində isə bu məbləğ ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) qiymətləndirmələrinə əsasən 10–20 milyard dollar təşkil edib.
Qar fırtınaları hava nəqliyyatına da ciddi təsir göstərir. Güclü qar səbəbindən çoxsaylı təyyarələr aerodromlarda qalır. Məsələn, Ronald Reyqan adına Vaşinqton Milli Hava Limanında həftəsonu baş verən fırtına nəticəsində bütün reyslər tam dayandırılıb və uçuşlar ləğv edilib.
Ümumilikdə ölkə üzrə minlərlə aviareys təxirə salınıb və ya ləğv olunub. ABŞ-da pis hava şəraiti səbəbindən bu cür hallar hər il təkrarlanır.

