Piylənmə infarkt və insult riskini artırır, həmçinin ikinci tip şəkərli diabet və arterial hipertoniyanın yaranmasına səbəb ola bilər. Bunu NEWS.ru-ya “Gemotest” laboratoriyasının həkim-eksperti Yekaterina Demyanovskaya bildirib.
Onun sözlərinə görə, artıq piy toxuması orqanizmdə davamlı insulin rezistentliyi yaradır və bu da ağır metabolik pozuntulara gətirib çıxara bilər.
İlk növbədə artıq piy toxuması, xüsusilə daxili orqanların ətrafında toplanan visseral piy davamlı insulin rezistentliyinə səbəb ola bilər. Bu vəziyyət ikinci tip şəkərli diabetin inkişafından əvvəl yaranır. Bu xəstəlik damarları, baş beyni, periferik sinirləri, böyrəkləri və gözün tor qişasını zədələyir. Ürək-damar sisteminə düşən yük də qaçılmaz olaraq artır: arterial hipertoniya formalaşır, damarların aterosklerotik zədələnməsi sürətlənir. Nəticədə infarkt və işemik insult riski yüksəlir. Piylənmə həmçinin dayaq-hərəkət aparatında degenerativ dəyişikliklərə səbəb ola bilər,— deyə Demyanovskaya izah edib.
Həkim əlavə edib ki, artıq bədən çəkisi diz və bud-çanaq oynaqlarına mexaniki yükü artırır və qığırdaq toxumasının zədələnməsinə səbəb olur.
Onun sözlərinə görə, tənəffüs pozuntuları da az təhlükəli deyil. Bunlara obstruktiv yuxu apnesi sindromu, hipoventilyasiya və ağciyər hipertenziyası daxildir.

