Dünya bazarlarında neft qiymətləri həftənin son ticarət günündə cüzi ucuzlaşıb, lakin həftəlik göstəricidə artım qorunub.
Reuters agentliyinin məlumatına görə, “Brent” markalı neftin qiyməti 6 sent azalaraq 76,24 dollar, ABŞ-ın WTI markalı xam nefti isə 4 sent ucuzlaşaraq 72,04 dollar təşkil edib. Buna baxmayaraq, həftə ərzində “Brent”in təxminən 6 faiz, WTI-nin isə 5 faiz bahalaşacağı gözlənilir.
Qiymətlərə əsas təsir edən amil Yaxın Şərqdə təchizatla bağlı risklərin davam etməsidir. ABŞ və İran arasında gərginliyin artması bazarlarda neft daşımaları və enerji infrastrukturu ilə bağlı narahatlıqları gücləndirib.
Bununla yanaşı, enerji infrastrukturunun hədəfə alınmaması və ABŞ Prezidenti Donald Trampın tammiqyaslı müharibə ehtimalını aşağı qiymətləndirməsi bazarda kəskin bahalaşmanın qarşısını alan amillərdən biri kimi göstərilir.
Analitiklərin fikrincə, yaxın günlərdə neft bazarında qiymətlərin istiqaməti əsasən Yaxın Şərqdəki hərbi-siyasi vəziyyət, Hormuz boğazı ətrafında risklər, həmçinin ABŞ və Çindən gələcək iqtisadi göstəricilərdən asılı olacaq.

