Dünya bazarında neft qiymətləri ucuzlaşıb.
Reuters agentliyinin məlumatına görə, qiymətlərin geriləməsinə ABŞ Prezidenti Donald Trampın İrana qarşı planlaşdırılan zərbələri ləğv etməsi və bunun Yaxın Şərqdə gərginliyin azalacağına dair gözləntiləri artırması səbəb olub.
Məlumata əsasən, Brent markalı neftin qiyməti 1,21 dollar, yəni 1,3 faiz azalaraq 89,17 dollar təşkil edib. ABŞ-ın WTI markalı xam nefti isə 1,23 dollar, yəni 1,4 faiz ucuzlaşaraq 86,48 dollara düşüb.
Reuters yazır ki, həftəlik göstəricidə də azalma müşahidə olunub. Brent nefti həftə ərzində 4,2 faiz, WTI isə 4,4 faiz dəyər itirib.
Bazar iştirakçıları Yaxın Şərqdə vəziyyətin yumşalmasını neft tədarükü ilə bağlı risklərin azalması kimi qiymətləndirirlər. Bununla belə, analitiklər regionda risklərin tam aradan qalxmadığını və gərginliyin yenidən artacağı halda qiymətlərdə yüksəlişin mümkün olduğunu bildirirlər.

